İtlərin söhbəti
- Nəsə gözümə tanış gəlirsən. Buralarda qalansan?
- Bəli, Şamaxinkada oluram.
- Hə, deyirəm axı.
- Adın nədir?
- Adım yoxdur.
- Necə yəni?
- Yoxdur da. Heç olmayıb. Binanın zirzəmisində doğulmuşam. Heç sahibim olmayıb. Heç kim mənə ad qoymayıb. Bəs sənin adın nədir?
- Mənim adım Reksdir. Gəl ki, çoxdandır adımla çağıranım yoxdur. Amma Reksdir. Anam ev iti idi. Mənlə birgə neçə dənə qardaş-bacım olmuşdu. Məni də biri çox istədi, ona verdilər. Zalımın balası 3-4 ay keçdi, şirinliyim biraz qaçıb yekə it olan kimi atdı məni bayıra. Oldum küçə iti. Bəs sən buralarda nə yeyib içirsən?
- Velotrekin içindəki kafelərin qabağında, aşağıdakı bazarda fırlanıram, nə tapsam, nə versələr yeyirəm. Bəs sən?
- Mən də Şahdağın ətrafında fırlanıram. Şəki kafesi zad var. Oralarda nə tapsam yeyirəm. Gəl sənə bir ad qoyaq. Adın Şampan olsun. Yumşaq tüklərin şampan rəngindədir. Şahdağdan atılanda şüşələrdə görmüşdüm.
- Eh, adım olsa nə olacaq. Kim çağıracaq məni adımla. Ötən səfər orda bir xəstəxana var, oraya gələnlərin aralarında danışdıqlarından eşitdim. Xaricdə çöldə it, pişik yox imiş heç. Hamısının sahibi var imiş. Hamısının adı zad var imiş. İtlər üçün mağazalar belə var.
- Yox, elə deyil. Ümumi heyvanlar üçün mağazalar var. Mən elə bilirəm.
- Hə, ola bilər. Sahibi olmayanları da sığınacağa aparırlarmış, orda baxırlarmış. Yemək, iynə, dəva-dərman hamısını təşkil edirlərmiş.
- Hətta mən eşitmişəm ki, orda heyvanların klinikası var, əməlli-başlı, yekə.
- O burda da var. Amma biz görməmişik. Hə Reks tanışlığa şad oldum. Gedim mən. Acından ölürəm. Gedim görüm nə tapıram yeməyə.
- Mən də şad oldum Şampan. Mən də elə sənin kimi. Görək axşama nə tapırıq. De görüm bu dünyaya bir də gəlsən nə olmaq istəyərdin?
- Bu dünyaya bir daha qətiyyən gəlmək istəməzdim. Amma mütləq gələsi olsam ömrü qısa olan bir heyvan, məsələn kəpənək olmaq istərdim. Gəlim, görüm, dadım, gedim.

Kateqoriyalar